VƏLİ ƏLİBƏYOV: “ƏKDİYİMİZ PR TOXUMLARININ KİÇİK CÜCƏRTİLƏRİNİ GÖRÜRÜK” – MÜSAHİBƏ

Vəli Əlibəyov: “Əkdiyimiz PR toxumlarının kiçik cücərtilərini görürük” – MÜSAHİBƏMəlumdur ki, PR cəmiyyətdə münasibətlərin tənzimlənməsinə, sabitliyə xidmət edən bir texnologiyadır.Proses şirkət və təşkilatların daxili və xarici kommunikasiyalarını formalaşdırır və tənzimləyir, düşmənlərini dosta çevirir. Məsələn, Qərbdə bu sahənin mütəxəssisləri qəbul olunan qaydalara görə, rəhbərin sağ əli və ona 24 saat ərzində çıxışı olan bir şəxsdir. Azərbaycanda vəziyyət necədir? Məsələ ilə əlaqədar Aktor.Az-ın suallarını Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun (Fransa) eksperti, Alibayov Kommunikasiya və Konsaltinq şirkətinin rəhbəri Vəli Əlibəyov cavablandır…

–  Azərbaycan üçün PR termini artıq yeni bir termin deyil. Hamı ondan danışır, özəl və dövlət qurumlarında PR departamentlər və PR menecerlər fəaliyyət göstərirlər. Demək olarmı ki, PR artıq ölkəmizdə özünə yer edə bilib?

2

–  Razıyam ki, PR terminini Azərbaycanda tanıyanların sayı xeyli artıb. Və, onu da inkar etmək olmaz ki, əksər qurumlarda bu işlə məşğul olmalı strukturlar yaradılıb. Lakin, PR-ın ölkəmizdə özünə yer etməsindən danışmaq hələ ki tezdir. Deyə bilərik ki, biz əkdiyimiz PR toxumlarının kiçik cücərtilərini görürük. Onu qoruyub bəsləyə bilsək, yaxşı bar ala bilərik. O zaman deyə bilərik ki, PR Azərbaycanda oturuşdu.

– “PR ağacının barı” necə olur?

– PR cəmiyyətdə münasibətlərin tənzimlənməsinə, sabitliyə xidmət edən bir texnologiyadır. Hər kəsin eşidilməyə ehtiyacı var; PR-in istiqamətlərindən biri də məhz budur. Eşidilən insan rahatlaşır, aqresivliyi yox olur. Ümumiyyətlə, məmnun insanlarla işləmək daha rahatdlır – PR insanlarda məmnunluq hissini yarada bilən bir texnologiyadır. Və, əlbəttə ki, PR məhsulların, ideyaların, xidmətlərin bazarda irəliləməsinə xidmət edən bir vasitədir. Nəinki yerli, eyni zamanda xarici bazarlarda. PR obraz, imic yaradır, onu qidalandırır, onu qoruyur. PR şirkət və təşkilatların daxili və xarici kommunikasiyalarını formalaşdırır və tənzimləyir, düşmənlərini dosta çevirir. PR qurum əməkdaşlarını özlərini qurumun ailə üzvü kimi hiss etməyi öyrədir. Belə əməkdaşlar evdən işə həvəslə gedir, işlədiyi qurumun inkişafı üçün əlindən gələni edir, çətin məqamlarda belə qurumu atıb getmirlər. PR ağacının “barları” müxtəlifdir, lakin onların hamısı çox lazımlı və vacibdir.

1

-Bu gün Azərbaycanda PR-ın inkişaf istiqamətlərini necə görürsünüz?

-Ondan başlamaq lazımdır ki, Azərbaycanda PR tədris olunmur, PR mütəxəssislər hazırlayan universitetlər yoxdur. Bu hal özü PR-ın inkişafını xeyli ləngidir. PR-ı tam anlayan idarəedənlərin də azlığı problemi daha da mürəkkəbləşdirir. Xaricdə PR mütəxəssis diplomu alıb geri dönənlərə də çətin olur özlərini təsdiq etmək. Çünki, idarəedənlərdə PR anlayışı ancaq mətbuatla işə yönəlikdir. Bu baxımdan da, bu sahədə çalışanların fəaliyyətləri xeyli məhdudlaşdırılır. Əgər Qərbdə PR mütəxəssis qəbul olunan qaydalara görə, rəhbərin sağ əli və ona 24 saat ərzində çıxışı olan birr şəxsdirsə, bizdə PR mütəxəssis rəhbərin yadına mətbuatla bağlı nəsə lazım olan zaman düşür. Bütün bunlar PR-ın inkişafını şərtləndirən amillərdir. Ümumiləşdirsək, deyə bilərik ki, Azərbaycan cəmiyyətində PR barədə maarifləndirməyə böyük ehtiyac duyulur.

3

-O zaman PR ağacının bar verməsi üçün nə etmək lazımdır?

-İlk olaraq, maarifləndirmə lazımdır. Bu maarifləndirmə olacaqsa PR üçün bir çox qapılar açılacaq. İkinci – təhsil. Hazırda bizdə bu sahədə təhsil olmasa da, müxtəlif təlimlər keçirilir. PR mütəxəssisləri də bu kimi fürsətlərdən istifadə etməlidirlər. Və, nəhayət, PR əhlinin əl-ələ verib işlər görməsi vacibdir.