İLHAM MƏMMƏDOV: “PR MÜTƏXƏSSİSİ QURUM İLƏ BAĞLI BÜTÜN SUALLARA CAVAB VERƏ BİLMİRSƏ…” – MÜSAHİBƏ

Müsahibimiz  Veysəloğlu Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, “Azerbaijan Public Relations Association” İB-nin həmtəsisçisi, “Baku School of Public Relations” şirkətinin rəhbəri İlham Məmmədovdur.

İlham müəllim, sizcə, Azərbaycanda PR sahəsi öz imicini tam formalaşdıra bilirmi?

Müasir idarəetmə anlayışının əsası və nəticələrindən biri sayılan ictimaiyyətlə əlaqələr demokratik, sərbəst bazar iqtisadiyyatına və yüksək təhsil səviyyəsinə malik ölkələrdə geniş tətbiq olunan bir  sahədir. Nəzərə alsaq ki, PR terminini ilk dəfə ABŞ-ın 3-cü prezidenti Tomas Ceferson 1807-ci ildə Konqresdə çıxışı zamanı səsləndirib, biz Azərbaycanda yeni inkişaf etməyə başlamış PR-ın imicini Amerikadakı  PR ilə eyniləşdirə bilmərik.

Əslində struktur formasından, xidmət və ya istehsalat ilə məşğul olmasından asılı olmayaraq bütün dövlət və özəl təşkilatlarda ictimaiyyətlə əlaqələrin olması mütləqdir. Azərbaycanda ictimaiyyətlə əlaqələr yeni sahə olduğundan heç də hamı onun  mahiyyətini  dolğun təsəvvür etmir. Bizdə bu işi mətbuat katibi, mətbuat xidməti və ya media ilə əlaqələrə məsul şəxs kimi məhdudlaşdırırlar. Qurum rəhbərləri bir çox hallarda PR mütəxəssislərindən yalnız mətbuatla əlaqələrin tənzimlənməsi üçün istifadə edirlər.  Həqiqətdə isə, mətbuatla əlaqələr ictimaiyyətlə əlaqələrin   alətlərindən yalnız biridir. Odur ki, ölkəmizdə bu sahənin inkişafı üçün zaman lazımdır.

Belə çıxır ki, şirkətlər özləri PR-a çox önəm vermirlər?

Amerikada PR-ın ilk peşəkarlarından sayılan Edvard Bernaysın gözəl bir fikri var: “Müasir dövrdə şirkət rəhbəri də, partiya lideri, direktor, nazir, QHT rəhbəri də ictimaiyyətlə iki istiqamətli  ünsiyyət qurmağı və ondan istifadə etməyi bacarmalıdır”.

Ölkəmizdə ilk olaraq bu sahəni gündəmə gətirən, ictimaiyyətlə əlaqələrin funksiyalarını  geniş tətbiq edən məhz beynəlxalq və özəl şirkətlər olub. Amma artıq yerli  dövlət və özəl şirkətlərdə də bu sahəyə önəm verilir. Hətta bəzi dövlət qurumlarında və nazirliklərdə, tam funksionallığı ilə fəaliyyət göstərməsə də, ictimaiyyətlə əlaqələr şöbələri yaradılıb. İşə qəbul elanlarına fikir versəniz görərsiniz ki,  son zamanlar   PR mütəxəssi vakansiyaları çoxalıb.

Strukturunda PR ilə əlaqəli şöbə və departamentlər yaradan şirkətlər və ya dövlət müəssisələri zəngin təcrübəyə malik, beynəlxalq səviyyədə fəaliyyət göstərən, idarəetmə sisteminin ən müasir üsul və texnologiyalarından istifadə edən, yüksək keyfiyyətli rəhbər və işçi heyətinə malik, uzun müddətli strategiyaları olan qurumlardır.

PR və media münasibətlərinə toxundunuz. Hazırda reallıq necədir?

PR işində əsas vəzifələrdən biri ictimai rəyi aydınlatmaqda ən təsirli vasitə olan mətbuatla qurum arasında xoş niyyətli əlaqələr yaratmaqdır. Mətbuatı yaxşı və düzgün istifadə edə bilmək üçün isə onu yaxşı tanımaq və öyrənmək lazımdır. PR mütəxəssisi qurumla bağlı məlumatların mətbuata vaxtında, doğru vasitələrdən istifadə etməklə, dolğun verilməsini təmin etməli və mətbuat ilə qurum arasında olan əlaqələri qarşılıqlı etimad və anlayış çərçivəsində davam etdirməlidir. Yəni ictimaiyyətlə əlaqələr mütəxəssisi mətbuatı tanıyan, onun dilini başa düşən, necə işlədiyini bilən   adam olmalıdır.

Vacib məsələlərdən biri PR-çının qurum ilə bağlı məlumatlarla ən azı səlahiyyətli şəxs qədər təmin olunmasıdır. İctimaiyyətlə əlaqələr mütəxəssisi mətbuatın qurum ilə bağlı bütün suallarına cavab verə bilmirsə,  mətbuat nümayəndəsi daha səlahiyyətli şəxslərlə əlaqə qurur ki, bu da bəzən mənfi nəticələrə gətirib çıxarır.

Hər hansı xoşagəlməz hadisə baş verdikdə və bu mediaya çıxdıqda PR mütəxəssisi onu gizlətməyə çalışmamalı və bu barədə qurumunun mövqeyini əks etdirən açıqlama verməlidir. Yanlış məlumatlar verən PR mütəxəssisi mətbuatın ona qarşı etimadının  itməsinə səbəb olur və gələcəkdə onun verdiyi doğru məlumatlara da əhəmiyyət verilmir.

PR-çılar ilə şirkət rəhbərləri arasındakı problemlər PR fəaliyyətinə necə təsir edir?

Qeyd etdiyim kimi, PR mütəxəssisi hər zaman təmsil etdiyi şəxs və ya qurum haqqında maksimum biliklərə malik olmalı, sutkanın istənilən vaxtında qurumun rəhbərinə çıxış imkanına, sərbəst qərar vermə səlahiyyətlərinə malik olmalıdır. Zamanı dəyərləndirmək, hadisələri qabaqlamaq və baş verənləri idarə etmək üçün qeyd etdiklərim vacib şərtlərdir. Təsadüfi deyil ki, PR-çı peşəsi dünyanın ən stresli və gərgin hesab edilən peşələri arasında ilk onluğa daxildir.

PR və marketinqin ortaq və fərqli tərəfləri hansılardır? Onlar arasındakı soyuq müharibə nədən qaynaqlanır?

PR və marketinqin təriflərinə, funksionallığına nəzər salsanız, fərqli və oxşar cəhətlərini açıq şəkildə görəcəksiniz. Bəli, bu gün bəzi PR və marketinq mütəxəssisləri arasında fikir ayrılığı var. Lakin bu, soyuq müharibə səviyyəsində deyil.

Marketinq sahəsində dünya şöhrətli mütəxəssis Filip Kotler  məşhur 4P       ((Product (məhsul),  Price (qiymət), Place (yer) və  Promotion (tanıtma)) konsepsiyasına daha 2 P-nin (Politics (siyasət) və  Public Relations (ictimaiyyətlə əlaqələr)) əlavə edilməsini təklif edir. Təbii ki, bu fikir ilə razılaşmayan və PR-ın müstəqil bir sahə kimi fəaliyyət göstərməli olduğunu deyən kifayyət qədər PR mütəxəssisi var.  Çünki biri məhsul və müştəri bazası yaradaraq bazarı idarə edir, digəri isə qurum ilə ictimaiyyət arasında körpü rolu oynayaraq əlaqələri inkişaf etdirir, nüfuz, imic formalaşdıraraq ictimaiyyəti idarə edir. Kommersiya müəssisələrində bunların qarşılıqlı fəaliyyət göstərməsi lazımdır.

Ən azından PR-ın alətlərindən biri hesab edilən reklama və  böhranın idarə edilməsi üçün PR-a tez-tez üz tutulur. Daha lakonik desək, PR hər hansı mal, insan, dövlət və ya özəl təşkilat haqqında müsbət ictimai rəyin formalaşdırılması və idarə edilməsidir.  Nahaq yerə deyil ki, ingilis sosioloqu və PR-ın atası hesab edilən Sem Blek ictimaiyyətlə əlaqələrə verilən çox saylı tərifləri ümumiləşdirərək PR-ı korporativ diplomatiya adlandırır.

İlham müəllim, biznes etiketi nədir və ona bizim şirkətlərdə nə dərəcədə riayət olunur?

İşgüzar etiket öz növbəsində imicin formalaşdırılması, özünü təqdim etmə, işgüzar müzkirələrin aparılması, dialoqların dəstəklənməsi anlamlarının cəmidir. Təqdimat zamanı, görüşlərdə iştirak edən qarşı tərəfdə sizin haqqınızda ilk təəssürat artıq növbəti dəfə yaranmayacaq. Zamana və məkana uyğun düzgün seçilmiş geyimdən, saç düzümündən tutmuş özünü düzgün təqdim etmə, etik davranış və səlis nitq sizin biznes etiketiniz ola bilər. Bunlara nə dərəcə riayət olunub-olunmaması isə fərdi yanaşmadır.

Sizcə, ən yaxşı PR təhsilini harada almaq olar?

İctimaiyyətlə Əlaqələr anlayışı dünya ölkələrində bir qədər əvvəldən mövcud olsa da,  termin və nəzəriyyə olaraq ölkəmizdə müstəqillik illərində səslənməyə başlayıb. Bəlkə də bu səbəbdəndir ki, ölkəmizdə bu sahənin tədrisi, əsasən də akademik tədrisi yoxdur.  Bu sahədə   təhsili ABŞ-da, Avropa ölkələrində, Türkiyə ali təhsil müəssisələrində  almaq olar. Xüsusilə də PR sahəsində daha çox ehtiyac duyulan  magistratura və doktorantura səviyyəsində.

Qeyd edim ki, dünyada PR ilə bağlı ilk dərslər 1923-cü ildə New York universitetində keçilməyə başlayıb. 1960-cı illərdə isə ABŞ-ın artıq 20-ə yaxın universiteti PR üzrə bakalavr təhsili verib.

İnanıram ki, yaxın gələcəkdə bizim də ali təhsil müəssisələrimizdə PR nəzəriyyəsi bakalavr və magistr səviyyələrində  tədris olunacaq.

Bu o deməkdir ki, bizdə PR mütəxəssisləri əsasən başqa ixtisaslsrdan gəlirlər. Sizcə, onlar hansı sahələrdən xəbərdar olmalıdır?

Klassik və müasir PR mütəxəssisləri ictimaiyyətlə əlaqələr üzrə menecerlərin jurnalistika sahəsindən gəlməsini üstün cəhət kimi dəyərləndirirlər.  Mənim fikrimcə, kommersiya strukturunda fəaliyyət göstərən PR-çılar marketinq sahəsini də bilməli, gedən proseslərdən yetərincə məlumatlı olmalıdırlar. PR mütəxəssisi jurnalistika, sosiologiya, konfliktologiya, kommunikasiya nəzəriyyəsi, təbliğat və əks-təbliğatla  bağlı biliklərə də yiyələnməlidir.

Bütün bunlarla yanaşı, savadlı, media ilə sıx əlaqələri olan, geniş informasiyaya malik və ölkə qanunvericiliyini yaxşı bilən ictimaiyyətlə əlaqələr  mütəxəssisi dəyərli bir kadrdır. İctimaiyyətlə əlaqələrə səlahiyyətli şəxs PR nəzəriyyəsi və onun idarə edilməsi ilə bərabər Azərbaycan Respublikasının Konstitusiyasını, “KİV haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunlarını bilməlidir. Özəl sektorda, xüsusən də kommersiya fəaliyyəti ilə məşğul olan təşkilatda çalışanların   “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununu da bilməsi müsbət haldır. Bütün bunlar PR mütəxəssisin təmsil etdiyi qurum və ya şəxsin fəaliyyətinin media üzərindən işıqlandırılmasında, əlaqələrinin tənzimlənməsində yardımçı olur.

PR sahəsinin inkişafı ilə bağlı siz nələr edirsiniz?

PR mütəxəssislərin bir təşkilat ətrafında birləşməsi, ölkədə bu sahənin inkişaf etdirilməsi, PR mütəxəssisləri bilik və bacarıqlarının artırılması, PR nəzəriyyəsinin tədrisi və bunlanrın əlaqələndirilməsi məqsədilə bir neçə şirkətin PR mebeceri bir araya gələrək “Azerbaijan Public Relations Association” təşkilatını təsis etmişik. Ümid edirik ki, yaxın zamanda təşkilatın dövlət qeydiyyatına alınmasına nail olacayıq. Eyni zamanda, PR nəzəriyyəsinin tədrisi və bu sahəyə marağı olanların maarifləndirilməsi, müxtəlif qurumlarda PR işinin təşkili və idarə edilməsi məqsədilə “Baku School of Public Relations” şirkətini də yaratmışıq.

PR sahəsi ölkəmizdə  yeni bir inkişaf mərhələsindədir və biz də bu sahədə əlimizdən gələni etməyə, yaxın gələcəkdə  ictimaiyyətlə əlaqələr işini müstəqil bir idarəetmə sahəsi kimi görməyə çalışırıq.

PRoloq.az

Link: http://www.proloq.az/?p=578