Black PR – Qara PR

Bəzən qara PR haqda müəyyən mülahizələrlə rastlaşırıq və etiraf edim ki, bu deyim hər zaman məni təəssüfləndirib ki, məşğul olduğumuz peşənin niyə adı “qara” çıxsın?! Odur ki, “Qara PR” termini ilə bağlı kiçik bir araşdırma etdim və belə nəticəyə gəldim ki, müasir beynəlxalq təcrübədə “black PR” ifadəsindən istifadə olunmur. Bundan əlavə, əgər PR-ın qara rəngi varsa, nəyə görə İngiltərədə yerləşən bir kommunikasiya agentliyi öz adını “Black PR” agentliyi qoysun ki?! 🙂 https://www.blackpr.co.uk/

Amma “black PR” olmasa da, “dark PR” (bizim dildə “tünd” PR) ifadəsindən ara-sıra istifadə olunur, lakin buna da PRSA, CIPR beynəlxalq peşəkar assosiasiyaların veb-resurslarında rast gəlmədim, hansısa bloqlar və saytlarda qarşıma çıxdı.

Ümumiyyətlə, qara və ya tünd PR haqda fikrim ondan ibarətdir ki, PR və ya Public Relations / İctimaiyyətlə Əlaqələr – apriori qara və ya tünd ola bilməz və olmamalıdır da. Bu bizim peşənin mahiyyətinə ziddir. Çünki PR – məhz ikitərəfli səmərəli əlaqələrin qurulması yolu ilə hər iki tərəf üçün fayda və dəyər gətirən fəaliyyət sahəsidir. Təşkilatın və ya hansısa subyektin reputasiyasının keşiyində duran peşəyə qara və ya tünd deyilməməlidir.

Bu məqamda İngiltərənin Chartered Institute of Public Relations – CIPR təşkilatının hazırkı prezidentinin belə bir sitatını gətirmək istərdim:
“Public relations is not a dark art. We are not bullies and we are not liars. What we deliver goes far beyond media relations.”
“İctimaiyyətlə əlaqələr – hansısa qara (tünd) peşə sahəsi deyil. Bizlər (piarçılar) yalançı deyilik və bizim verdiyimiz nəticələr media ilə əlaqələrdən kifayət qədər o tərəfə gedir.” Yeri gəlmişkən, bu sitatın aid olduğu məqalə ilə ətraflı növbəti linkdə tanış olmaq olar: https://newsroom.cipr.co.uk/dont-confuse-public-relations-…/

Vikipediada da qeyd olunur ki, “… qara PR termini rus mənşəli termindir (черный PR) və beynəlxalq təcrübədə bu formada ifadə tərzinə rast gəlinmir” (Mənbə üçün klik et)
Hesab edirəm ki, biz də Azərbaycan dilli PR terminologiyada “qara PR” ifadəsini işlətməkdən artıq çəkinməliyik.

Kamran Əliyev, PR mütəxəssis