İPRA PREZİDENTİNİN FEVRAL AYI MESAJI

Ötən ay Azərbaycanın gözəl paytaxtı olan Bakı şəhəri daha beş ölkənin – Qazaxstan, Qırğızıstan, Türkiyə, Türkmənistan və Özbəkistanın PR paytaxtı oldu. Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyası (APRA) tərəfindən təşkil edilmiş bu tədbir Türkdilli Ölkələrin PR Mütəxəssislərinin 1-ci Bakı Forumu adlanırdı. Sözügedən regiondan 200-dək PR mütəxəssisini bir araya gətirən bu interaktiv forum qabaqcıl tərcrübələrin paylaşılması, yeni əlaqələrin yaradılması və yeni imkanlara aparan praktiki yolların müzakirəsi ilə yadda qaldı. Mən inanıram ki, forum eynilə mənim kimi bütün digər iştirakçılar üçün də faydalı və dəyərli oldu.
PR-ın vacibliyinin artırılması
Ödənişli reklam büdcələrinin PR-a ayrılan büdcələrdən qat-qat çox olduğu bir bölgədə PR sahəsi çiçəklənməkdə və bundan da əlavə, dəyişən dünyanın rəqəmsallaşma, həqiqətə uyğun olmayan xəbərlər və süni zəka kimi çağırışları şəraitində öz yolunu müvəffəqiyyətlə getməkdədir.
“APRA PR sahəsinin Azərbaycan və bölgədə əhəmiyyətinin artırılması istiqamətində sistemli fəaliyyət göstərir”, deyə APRA sədri İlham Məmmədov qeyd edir. “Buna nail olmağın yollarından biri də IPRA ilə əməkdaşlıqdan keçir. Beynəlxalq PR Assosiasiyasının Global World Award (GWA) proqramı, məsələn, türkdilli ölkələrin PR potensialının qlobal səviyyədə tanınması üçün geniş imkan yaradır”.
GWA yaxınlaşmaqdadır…
IPRA-nın Global World Award müsabiqəsi 1990-cı ildən bəri hər il təşkil edilir. GWA müxtəlif kateqoriyalar üzrə dünyanın müxtəlif bölgələrindən PR sahəsindəki təcrübələrin sınanması və qiymətləndirilməsi məqsədilə yaradılmış beynəlxalq müsabiqə platformasıdır. Builki müsabiqə 26 fevral tarixində açılacaq. Biz bütün dünya ilə yanaşı, xüsusi olaraq Azərbaycandan da müsabiqəyə PR kampaniyaların təqdim ediləcəyini səbirsizliklə gözləyirik.
Ən sonda… bu hələ son deyil
Bakı forumu ərzində iştirakçılar müzakirə edir, dinləyir, öyrənir və əylənirdilər. Mən inanıram ki, bu kimi tədbirlər bununla başa çatmamalıdır, əksinə bu yeni bir PR səyahətinin başlanğıcı olmalıdır. Bu səyahət ən qabaqcıl PR təcrübələrinin regiona inteqrasiya edilməsinı yardım edəcək və beləliklə də hədəfli, etibarlı və şəffaf PR mədəniyyətinin formalaşmasına töhfə verəcək.