“ƏSAS ÇƏTİNLİK PR-IN MAHİYYƏTİNİ BİLMƏYƏN RƏHBƏR İŞÇİLƏRDİR”

Alibayov Kommunikasiya və Konsaltinq MMC-nin rəhbəri, Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun eksperti, PR mütəxəssisi Vəli Əlibəyovla müsahibə

Vəli müəllim, şirkətiniz nə vaxtdan fəaliyyət göstərir? Necə oldu ki, bu şirkəti yaratmaq qərarına gəldiniz?

Alibayov Kommunikasiya və Konsaltinq MMC 2016-cı ildən fəaliyyət göstərir. Demək olar ki, 1998-ci ildən bəri fərdi şəkildə PR sahəsində məsləhətçi fəaliyyəti ilə məşğul oluram. Şirkətin yaranması fəaliyyətimin hüquqi müstəvidə davamı oldu. Azərbaycanda PR xidmətlərinə ehtiyacın çoxalması da şirkətin yaradılmasının əsas səbəblərindən biridir.

Şirkətinizin xidmətləri və qiymətlər haqqında nə deyə bilərsiniz?

Müştərilərə sivil PR xidmətləri göstərməyə çalışırıq. Təklif etdiyimiz xidmətlərə qurumların PR departamentlərin fəaliyyətinin monitorinqi, qiymətləndirilməsi və optimallaşdırılmasına dair tövsiyələrin hazırlanması, PR departamentlərin “sıfırdan” qurulması, əməkdaşları üçün treninq və seminarların təşkili daxildir. Bundan əlavə, brendinq, kopiraytinq, media relations, crisis communications, customer relations və s. göstərmək olar. Qiymətlərə gəldikdə, bazarın indiki formalaşmaqda olan vəziyyətini nəzərə alaraq konkret rəqəmlər hələ ki yoxdur. Qiymət xidmətə görə müştəri ilə danışıqlar əsasında formalaşır. Lakin bu o demək deyil ki, biz xidmətlərimizi ucuz qiymətə satırıq. Qiymətlər yüksək hesab oluna bilər, amma bunun arxasında böyük təcrübə və keyfiyyət durur.

Azərbaycanda fəaliyyət göstərən müxtəlif qurumların PR şirkətinə marağı necədir?

Rəhbərləri əsl PR-ın nə olduğunu anlayan qurumlarla işləmək çox rahat və maraqlı olur. Çünki, onlar nə istədiklərini və PR-ın bunun müqabilində onlara nə verə biləcəyini yaxşı bilirlər. Lakin elələri də var ki, onlarla elə ilk söhbətdən aydın olur ki, nəinki PR haqqnda heç nə bilmirlər, ümumiyyətlə, heç bədii ədəbiyyat da oxumurlar. Belələrinə vaxt sərf etməyə dəyməz.

Hansı çətinliklərlə qarşılaşırsınız?

Yuxarıda da qeyd etdiyim kimi, əsas çətinlik PR-ın mahiyyətini bilməyən rəhbər işçilərdir. Bu təkcə bizim deyil, eləcə də bu qurumlarda çalışan PR mütəxəssislərinin qarşılaşdığı, onları işdən soyudan əsas problemdir.

Şirkətinizin PR-nı necə təşkil edirsiniz?

Bu barədə geniş danışmaq istəməzdim. Bircə onu qeyd edim ki, hər zaman fəaliyyətimi “adın sənə işləməsi üçün, gərək ilk olaraq sən ona işləyəsən” prinsipi üzərində qururam. Maliyyə xərcləyib “sabun köpüyü” yaratmaq da olar, lakin onun partlamasının nəticələrini də nəzərə almaq lazımdır. Bir sözlə, şirkətimizin PR-ının təməlini onun gördüyü işlər təşkil edir.

Peşəkar PR-çı necə olmalıdır?

Səmimi və işini bilən, müşahidə qabiliyyətli, dinləməyi bacaran, insanların psixologiyasında xəbərdar olmalı və ünsiyyət qurmağı bacarmalıdır. Yalandan daha çox qorxmalıdır, nəinki ilandan.

Maraqlı ola bilər: Çanta altındakı xəzinə

PR-la bağlı suallar niyə çox verilir?

Bizdə o səbəbdən çox suallar verilir ki, PR bizim üçün yenidir. Tərslikdən, PR barədə danışanların bir qismi əsl PR-ın nə olduğunu bilməyərək danışdığından insanlarda suallar yaranır. PR trend sözə çevrilib, mənasını bilən də, bilməyən də PR barədə danışmağı özünə bir borc bilir. Amma PR-la bağlı suallar tək bizdə verilmir. Xaricdə də PR-la bağlı suallar çoxdur. Bizdən fərqli olaraq orada PR barədə sualların yaranmasının səbəbi bu sahənin dinamik inkişaf edən sahə olmasıdır. PR 5 il, hətta 3 il bundan əvvəlki PR deyil. Mütəxəssislər də, bu inkişafa uyğun olaraq, yeni suallar üzərində baş sındırmalı olurlar. Ümid edirəm ki, yaxın gələcəkdə bizdə də PR-la bağlı suallar diletantlıqdan deyil, professionallıqdan irəli gələrək yaranacaq.

Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun Ekspertlər Şurasına üzv olmanız necə baş verdi?

Avropa İctimaiyyətlə Əlaqələr İnstitutu tək Avropanın deyil, dünyanın PR sahəsində yüksək peşəkarlıq standartları tətbiq edən nüfuzlu qurumlarından biridir. İnstitut ötən əsrin sonlarında əsasən Fransa PR məktəbinin görkəmli nümayəndələri tərəfindən yaradılıb. İnstitutun prezindenti, müasir kommunikasiya texnologiyalarının korifeyi Jak Seqeladır. Bu, Fransada iki dəfə Fransua Mitteranı, Macarıstanda Antalla Yojefi, Bolqarıstanda Jelyu Jelevi, Polşada Lex Valensa, Aleksandr Kvasnevskini və s. hakimiyyətə gətirən, “prezidentlər yaradan” təxəllüsünü qazanmış Jak Seqeladır. Müasir PR texnologiyaların, geobrendinqin yaranmasında da bu institut və onun ekspertlərinin əməyi az deyil.

Bu institutla uzunmüddətli əlaqələrim, layihələrində ekspert kimi iştirakım və əməkdaşlığımızın nəticəsində 2016-cı ilin martında Parisə işgüzar səfərim zamanı mənə ekspert sertifikatı təqdim olundu. Xaricdə bizim mütəxəssisləri daha yaxşı tanıyırlar, onlardan daha səmərəli istifadə edirlər.

Başqa ölkələrlə müqayisədə ölkəmizdəki PR mühiti haqqında nə deyə bilərsiniz?

Qərblə müqayisə aparmaq istəməzdim – çox geridəyik. Rusiya, Ukrayna, Qazaxıstan kimi ölkələrlə müqayisə etsək, bizdə PR bazarının inkişafına təsir edə biləcək mühit hələ də tam formalaşmayıb. Bu bazarın formalaşmasına isə, bir çox obyektiv və subyektiv amillər ciddi maneələr yaradır. Ölkə başçısının dəfələrlə qaldırdığı monopoliyalar problemi azad rəqabətə ciddi əngəllər törədir. Monopoliyaların oyun qaydalarına qarşı PR texnologiyalar gücsüzdür. Bunu sahibkarlar da başa düşür. Bu səbəbdən də, qarşılaşdıqları problemləri “alternativ” yollarla həll etməyə üstünlük verirlər.

Ən təsirli PR çalışmanız hansı olub?

Kommersiya sahəsində PR çalışmaları de-şifrə etmək düzgün olmazdı. Siyasi sahədəki çalışmalarla bağlı bəzi məlumatlarla bölüşmək olar. Məsələn, Ermənistanın işğalçılıq siyasəti ilə bağlı layihələri götürək. Bu layihələri 12 il çalışdığım qeyri-hökumət təşkilatı olan AVCİYA-nın (Aərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası) çətiri altında həyata keçirmişik. 2006-cı il boyu Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması ilə bağlı Azərbaycan vətəndaşları arasında imza toplama kampaniyası həyata keçirərək 2007-ci ilin fevralında Azərbaycan, ingilis və rus dillərində “Xocalı soyqırımı: milyon imza – bir tələb” adlı fundamental kitab nəşr etdik. Toplanmış imzalar və kitab ABŞ, Rusiya, Fransa, Niderland, Belçika, Bolqarıstan və digər ölkələrin milli kitabxanalarına, dövlət arxiv idarələrinə göndərildi, kampaniyanın təqdimatı ABŞ, Niderland, Rusiya, Türkiyə, Almaniya, Fransada təşkil olundu. Başqa bir misal kimi, yenə də AVCİYA-da çalışdığım zaman ərsəyə gətirdiyimiz “Azərbaycanın erməni vətəndaşları: təhlükəsizlik təmin olunur!” adlı kitabı göstərə bilərəm. Bir neçə xarici dildə işıq üzü görmüş bu kitabda Azərbaycanın işğaldan kənar bölgələrində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının həyat hekayələri öz əksini tapıb. Kitab bir çox xarici ölkələrdə və beynəlxalq təşkilatlarda yayılıb. Bu kimi layihələrdən sonra yaratdığımız əks-əlaqələr məqsədimizin hədəfə çatdığını təsdiq edib. Siyasilərlə də partiya quruculuğu, seçkilərdə iştirak, imic üzərində iş və s. bu kimi istiqamətlərdə uğurlu layihələrim olub.

PR strategiyanız başqalarından nə ilə fərqlənir?

PR strategiyamızın əsasını “əvvəldən sonadək hər kəs ilə səmimiyyət” təşkil edir. Müştərimizlə olduğu kimi təsir edəcəyimiz auditoriyayla da səmimiyik. Bundan əlavə, “sərt” kampaniyalara yox, daha çox “mülayim” kampaniyalara üstünlük veririk.

Həyata keçirdiyiniz PR kampaniyalarının məqsədə çatıb-çatmamasını necə ölçürsünüz?

Ənənəvi əks əlaqə mexanizmlərindən istifadə edirik. Müştərimizin də, hədəf auditoriyaların da işimizin nəticəsində məmnun qalmaları bizim üçün prioritet məsələdir. Bunu da müxtəlif sorğular və ya müşahidə vasitəsi ilə müəyyənləşdiririk. Bundan əlavə, ötürdüyümüz ismarıcların müştərimizin göstəricilərinə kəmiyyət (statistik) və keyfiyyət baxımdan təsirini müqayisə edirik.

Hər hansı hadisənin PR olub-olmamasını necə bilmək olar?

PR-ın əsası qoyulan zaman bu fəaliyyətin məqsədi biznes strukturlarının fəaliyyəti barədə obyektiv informasiyanı cəmiyyətə ötürməkdən ibarət idi. Mətbuatda hansısa strukturun fəaliyyətini obyektiv işıqlandıran məlumat görsəniz – bu PR-dır, özü də əsilindən. Bir çox hallarda isə hansısa struktur barədə materiala rastlaşırıq və orada bu struktur və ya fərd ciddi-cəhdlə təriflənir. Bax bu azərbaycansayağı PR-dır. Bunun real PR-la heç bir əlaqəsi yoxdur.

Mənbə: PRoloq.az